Azərbaycan milli musiqi alətləri
Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən musiqi alətləri.
Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək çox şərəfli və mötəbər bir işdir.
Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri müəyyənləşdirilərkən klassik poeziyadan əxz olunmuş şer misraları da çox qiymətli məxəzdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır.
Yaranma tarixinə görə Azərbaycan çalğı alətləri 4 yerə bölünür:
Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s.
Qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş alətlər: bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s.
Şərti olarag "çağdaş" adlandırılan alətlər: Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, kərənay, musiqar və s. Bu qrupa aid edilən alətlər vaxtı ilə Azərbaycanda geniş istifadə edilsə də, sonralar müəyyən səbəblərdən tənəzzülə uğrayıb, sıradan çıxıblar, lakin başqa ərazilərdə, dünyanın müxtəlif xalqları tərəfindən belə alətlər inkişaf etdirilmiş, müasir dövrə qədər gəlib çıxmışdır.